...

Enerso Cəbrayıl şirkəti ekoloji cəhətdən təmiz enerjiyə keçidi sürətləndirmək üçün əsas razılaşmaları imzalayıb (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2025 17:48 (UTC +04:00)
Enerso Cəbrayıl şirkəti ekoloji cəhətdən təmiz enerjiyə keçidi sürətləndirmək üçün əsas razılaşmaları imzalayıb (FOTO)

Bakı. Trend:

Böyük məmnuniyyətlə bildiririk ki, 2 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Enerso Cəbrayıl şirkəti bir neçə əsas razılaşmanı, o cümlədən, Enerji Alqı-satqı Müqaviləsini (EASM), Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsini (ÖŞQM), Torpaq İcarə Müqaviləsini (TİM) və Balanslaşdırma Müqaviləsini imzalamışdır. Bu razılaşmalar Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasının inkişaf etdirilməsi üçün Energetika Nazirliyi ilə 4 aprel 2025-ci il tarixində imzalanmış İnvestisiya Sazişi çərçivəsində yaradılmış sistemin bir hissəsini təşkil edir.

EASM-da qeyd edilir ki, Enerso Cəbrayıl şirkəti “Üfüq” Günəş Elektrik Stansiyasından ekoloji cəhətdən təmiz elektrik enerjisini hasil edərək “Azərenerji”yə tədarük edəcək. “Azərenerji” isə, elektrik enerjisini alaraq milli şəbəkəyə inteqrasiya edəcək və elektrik enerjisinin mübadiləsi mexanizmində əsas rol oynayacaq. ÖŞQM Enerso Cəbrayıl şirkətinə “Azərenerji”nin ötürücü şəbəkəsinə giriş imkanı verməklə bərpa olunan elektrik enerjisinin son istifadəçilərə səmərəli və təhlükəsiz şəkildə çatdırılmasına imkan yaradır və bununla da bu prosesi tamamlayır. TİM 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası Layihəsinin tikintisi və istismarı üçün tələb olunan təyinatlı torpaq sahəsindən istifadənin hüquqi əsasını müəyyənləşdirir. Eyni zamanda, Balanslaşdırma Müqaviləsi faktiki və proqnozlaşdırılan elektrik axınları üçün aidiyyəti balanslaşdırma tədbirlərini müəyyən edir.

EASM və ÖŞQM “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Nobel Energy şirkətinin baş kommersiya direktoru, eyni zamanda Nobel Energy şirkətinin Dayanıqlı Enerji üzrə törəmə şirkəti olan Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanmışdır.

TİM Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanmışdır.

Balanslaşdırma Müqaviləsi “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Norm” ASC-nin baş direktorunun strategiya və maliyyə məsələləri üzrə müavini Elvin Mirzəyev və Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanmışdır.

Bu mərhələ ekoloji cəhətdən təmiz enerji sahəsində Azərbaycanın mühüm irəliləyişin göstəricisidir. Layihə xüsusilə də azad edilmiş ərazilərdə ölkənin enerji kompleksinin şaxələndirilməsinə töhfə verəcək, enerji təhlükəsizliyini gücləndirəcək və daha geniş dayanıqlılıq və yaşıl enerjiyə keçid məqsədlərini dəstəkləyəcək.

Eldar Məmmədzadə deyib: "Bu tərəfdaşlıqlar Azərbaycanın ekoloji cəhətdən daha təmiz, daha dayanıqlı enerji gələcəyinə dair bizim ümumi baxışımızın bariz nümunəsidir. "Üfüq" Günəş Elektrik Stansiyası hələ başlanğıcdır və biz ölkəmiz və onun əhalisi üçün davamlı müsbət nəticələr əldə etmək məqsədilə birgə işimizi davam etdiririk.”

50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasında hər il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir ki, bu da orta miqyaslı sənaye müəssisəsinin gücləndirilməsi üçün yetərlidir və karbon emissiyalarının azaldılmasında mühüm rol oynayacaq. Ətraf mühit üçün faydalarından əlavə, layihə tikinti zamanı 300-dən çox iş yerinin və tamamlandıqdan sonra 50-yə yaxın daimi iş yerinin yaradılması ilə regiona maddi sosial-iqtisadi dəyər qatacaq.

NEQSOL Holding-in bir hissəsi olan Nobel Energy dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan Kompleks Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Sınanmış təcrübəsindən, kompleks həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanınmışdır

Xəbər lenti

Xəbər lenti