Bakı. Trend:
Mayın 31-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Qazaxıstanın “Air Astana” şirkətinin Atıraudan Bakıya ilk hava reysinin təntənəli qarşılanma mərasimi keçirilib.
Trend xəbər verir ki, bu haqda Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
İlk sərnişinləri şəxsən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, “Air Astana” nümayəndələri, Bakı aeroportunun rəhbərliyi qarşılayıb.
Atıraudan Bakıya gələnlər dombranın səsləri və qazax mətbəxinə məxsus yeməklərlə qarşılanıblar.
Səfir diqqətə çatdırıb ki, ölkələr arasında əlaqələrin intensivliyini göstərən amillərdən biri məhz uçuşların sayıdır.
“Buna görə də biz sevinirik ki, ölkələrimiz arasında reyslərin sayı artır və uçuşların coğrafiyası genişlənir. Bu yay Qazaxıstanla Azərbaycan arasında həftəlik reyslərin sayı 34-ə çatacaq. Bununla yanaşı, icazə verilən reyslərin sayını 70-ə qədər artırırıq. Yəni artım davam edəcək. Hazırda Bakıdan Astana, Almatı və Aktau şəhərlərinə uçuşlar həyata keçirilir. Bu gündən etibarən neft paytaxtı Atırau da əlavə olundu, iyul ayında isə Qazaxıstanın üçüncü meqapolisi – Şımkent şəhəri də bu siyahıya qoşulacaq,” -deyə diplomat bildirib.
Atırau–Bakı reysləri həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 1 saat 30 dəqiqə təşkil edir.