Bakı. Trend:
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” adlı layihənin icrasına başlayır.
Bu barədə Trend-ə İB-dən məlumat verilib.
Bildirilib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir:
“Məlumdur ki, bütün döyüş əməliyyatları Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisində aparılıb. 1-ci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri və Vətən müharibəsi zamanı kasetli silahlardan istifadə olunub. Lakin bu silahların hansı növlərinin istifadəsi, çirklənmə səviyyəsi, qurbanların sayı barədə heç bir məlumat yoxdur. Ona görə də bu layihənin əsas məqsədi Azərbaycanda ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqatın aparılması və hesabatın hazırlanmasıdır”.
Vurğulanıb ki, ölkə və beynəlxalq ictimaiyyət üçün ilk dəfə olaraq iki dildə (Azərbaycan və ingilis) hazırlanacaq hesabatda Azərbaycan ərazilərində kasetli silahlardan istifadə olunması nəticəsində çirklənmə səviyyəsi, kasetli silah qurbanlarının müəyyən edilməsi, Azərbaycanda bu silahın yaratdığı fəsadlara qarşı aparılan mübarizənin göstərilməsini əks etdirən məlumatlar yer alacaq.
Hesabat 2025-ci ilin sentyabr ayında Cenevrə şəhərində keçiriləcək “Kasetli silahlara dair” BMT Konvensiyasına Üzv Dövlətlərin 13-cü İllik Konfransı zamanı donor ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə, 1997-ci ildə Nobel sülh mükafatını almış “Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli Silahlara qarşı Koalisiya” təşkilatının rəhbərlərinə və onun əməkdaşlıq etdiyi QHT-lərə təqdim olunacaq. Bundan başqa hesabat dünyada kasetli silahlara qarşı aparılan fəaliyyətə dair mövcud olan “Cluster Munitions Report” və “Mine Action Review” layihələrinin redaksiya heyətlərinə də veriləcək.
Qeyd edilib ki, layihənin icra müddəti 4 aydır.