...

Azərbaycan və Almaniya iqtisadiyyatın müxtəlif sektorları üzrə 20 konkret layihə müəyyən ediblər - Mixael Harms (Özəl müsahibə) (FOTO)

İqtisadiyyat Materials 31 May 2025 08:00 (UTC +04:00)
Azərbaycan və Almaniya iqtisadiyyatın müxtəlif sektorları üzrə 20 konkret layihə müəyyən ediblər - Mixael Harms (Özəl müsahibə) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Almaniya iqtisadiyyatın müxtəlif sahələri üzrə 20 konkret layihə müəyyən ediblər.

Bunu Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms Bakıda səfərdə olarkən Trend-ə özəl müsahibəsində deyib.

"Biz konkret və praktiki nəticələrə diqqət yetirməklə Almaniya-Azərbaycan işgüzar əlaqələrini mümkün qədər gücləndirmək və dərinləşdirməyə çalışırıq. Məqsədimiz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxrac və İnvestisiya Agentliyi (AZPROMO) ilə birgə hazırladığımız yol xəritəsinin əsas məqsədi olan real nəticələr verən layihələrin həyata keçirilməsinə yardım etməkdir. Biz iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 20 konkret layihə müəyyən etmişik. Onların bəziləri artıq həyata keçirilir, bəziləri isə işə salınması planlaşdırılır. Əsas vəzifə güclü siyasi dəstəyin təmin edilməsi, bu layihələrə daimi diqqət və onların uğurla həyata keçirilməsi üçün sıx əməkdaşlıqdır", - deyə o qeyd edib.

Enerji sahəsində əməkdaşlıq

M.Harms qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında enerji sektorunda, o cümlədən Uniper, VNG və digər şirkətlərin iştirakı ilə sıx əməkdaşlıq mövcuddur. Lakin onun sözlərinə görə, bu hələ kifayət deyil.

"Mən azərbaycanlı tərəfdaşlara açıqlıqlarına və əməkdaşlıq etmək istəyinə görə səmimi minnətdarlığımı bildirirəm. Əlbətdə ki, əməkdaşlığın genişləndirilməsi üçün, xüsusən də bərpa olunan enerji mənbələrinin inkişafı üzrə irimiqyaslı layihələr sahəsində, əhəmiyyətli potensial var. Bizim texnologiyamız və imkanlarımız var. Hazırda diqqət daha çox maliyyələşdirmə və siyasi dəstəyin artırılmasına yönəlib və ümid edirəm ki, biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik", - deyə o bildirib.

Harms qeyd edib ki, bu gün Azərbaycan Avropa İttifaqının əsas enerji resursları təchizatçılarından biridir, on Avropa ölkəsini təbii qazla təmin edir və bu, mühüm rol oynayır:

"Bildiyiniz kimi, Avropa Komissiyası Azərbaycanla enerji tərəfdaşlığının gücləndirilməsində maraqlıdır. Ancaq açığını deyim ki, Avropa İttifaqı bəzən ziddiyyətli yanaşma nümayiş etdirir. Bir tərəfdən, biz qalıq yanacaqlardan asılılığı azaltmağa çalışırıq və bu, tamamilə düzgün istiqamətdir. Digər tərəfdən, Azərbaycandan tədarükün həcmini artırmaq və tərəfdaşlığı dərinləşdirmək üçün inam və proqnozlaşdırıla bilənlik lazımdır, çünki söhbət ciddi investisiyalardan gedir. Bunlar bizim müzakirə etməli olduğumuz məsələlərdir.

Azərbaycanın aydın və ardıcıl enerji strategiyası var. Sizin zəngin ənənəvi enerji ehtiyatlarınız var, lakin eyni zamanda “yaşıl” enerjinin inkişafı üçün aydın kursunuz var. Biz balanslaşdırılmış, keçid texnologiyalarından səmərəli istifadə etməklə iqlim məqsədlərinə çatmağa imkan verəcək yanaşma tapmalıyıq".

Harms onu da əlavə edib ki, Almaniyanın yeni hökuməti ümumi gücü 20 giqavat olan qazla işləyən elektrik stansiyaları tikmək niyyətindədir ki, bu da istər-istəməz qaza tələbatın artmasına gətirib çıxaracaq: “Belə olan halda, enerjiyə keçid strategiyası çərçivəsində biz bu cür layihələrin maliyyələşdirilməsinə kömək etməliyik”.

Orta Dəhlizin inkişafı

Harms qeyd edib ki, Azərbaycan Orta Dəhlizin əsas nöqtəsində yerləşdiyi üçün logistika və infrastruktur sahəsində ciddi rəqabət üstünlüyünə malikdir.

"Azərbaycan Çin istiqamətində malların tranzitində əsas rol oynayır. Bizim artıq müvafiq yol xəritəsində nəzərdə tutulmuş konkret layihələrimiz var. Almaniya və Azərbaycan Orta Dəhlizin inkişafı ilə bağlı çox fəal danışıqlar aparır. Bu təşəbbüs Almaniya üçün böyük əhəmiyyət kəsb edir - biz bunda həqiqətən maraqlıyıq. Əsas layihələrdən biri artıq Bakı limanında həyata keçirilir və bu sahə ikitərəfli əməkdaşlığın sütunlarından birinə çevrilib", - deyə o qeyd edib.

İqtisadi əməkdaşlığın yeni sahələri

"Yol xəritəmizə baxsanız, sənayenin lokallaşdırılmasına yönəlmiş bir neçə layihəni qeyd etmək olar - çünki yerli komponent olmadan bazara çıxmaq mümkün deyil. Mən Azərbaycanın sənayeləşmə strategiyasını tam dəstəkləyirəm. İkinci prioritet, artıq müzakirə etdiyimiz kimi, logistika və infrastrukturdur. Üçüncüsü, sənayenin əməliyyat səmərəliliyini artırmaqdır. Bu sahədə Almaniya həqiqətən də zəngin təcrübəsi ilə mühüm töhfə verə bilər. Prezident İlham Əliyev səhiyyə, içməli və tullantı sularının təmizlənməsi, infrastrukturun inkişafı kimi sahələrin də əhəmiyyətini vurğulayı", - deyə M.Harms bildirib.

O, Almaniya Ticarət və Sənaye Palatasının Bakıdakı fəal işini də qeyd edib:

"Onlar geniş spektrli təşəbbüslərdə iştirak edir və bizim strateji tərəfdaşlarımızdır. Mən onu da bilirəm ki, onlar iqtisadiyyatın müxtəlif sahələrində bir çox yerli biznes tədbirləri planlaşdırırlar. Açıq desəm, fikrimcə, Azərbaycanda dövlət idarəetmə sistemi Almaniyadan qat-qat çox rəqəmsallaşıb. Bu, sizdən mütləq öyrənə biləcəyimiz sahədir. Bu, hələ tam istifadə etmədiyimiz resurslardan biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti