...

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələdə: Strateji əməkdaşlıqdan qarşılıqlı maraqlara əsaslanan dialoqa – ŞƏRH

Siyasət Materials 30 May 2025 20:20 (UTC +04:00)
Azərbaycan-ABŞ münasibətləri yeni mərhələdə: Strateji əməkdaşlıqdan qarşılıqlı maraqlara əsaslanan dialoqa – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir. Müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatlarına da Azərbaycanın bu mövqeyi yaxşı məlumdur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ ilə çoxşaxəli əlaqələr qurub:

“Azərbaycan ABŞ-nin beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, həmçinin ABŞ-nin beynəlxalq terrorizmlə mübarizə koalisiyasına qoşularaq onunla birlikdə dünyanın müxtəlif münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Eyni zamanda, enerji sahəsində də vacib əməkdaşlıq mövcuddur”.

Millət vəkilinin sözlərinə görə, artıq rəsmi Vaşinqtonun Azərbaycanla münasibətlərdə qarşılıqlı-faydalı əməkdaşlıq bərpa olunur.

“ABŞ Prezidenti Donald Trampın 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub bunun bariz sübutudur. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Vaşinqton həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesi diqqət mərkəzində saxlayır. Bunu danışıqlar prosesinə olan maraq da təsdiqləyir. Beləliklə, Donald Trampın məktubu Azərbaycan-ABŞ münasibətlərinə verilən önəmin ifadəsidir. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etməsi yeni perspektivlər vəd edir”, - deyə S.Fətəliyev vurğulayıb.

Milli Məclisin deputatı Könül Nurullayeva isə Trend-ə açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trampın Müstəqillik Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əsas diqqət ikitərəfli münasibətlərin inkişafına yönəlib:

“Ağ Ev Bakı ilə əlaqələri və terrorizmlə mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, eyni zamanda Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığı yüksək qiymətləndirir. Məktubdan da aydın olur ki, rəsmi Vaşinqton 30 ildən artıq mövcud olan diplomatik münasibətlərin bundan sonra da inkişafında maraqlıdır. İkitərəfli prioritetlər, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, həmçinin enerji inkişafı üzrə tərəfdaşlığın bundan sonra da davam etdiriləcəyi məktubda xüsusi qeyd olunur”.

Millət vəkili vurğulayıb ki, Ağ Ev eyni zamanda Cənubi Qafqazda sülhü dəstəkləyir:

“Vaşinqton davamlı sülhün regionda daha firəvan olmasını təmin edəcəyinə, ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacağına inanır. Bu, Azərbaycanın sülh təşəbbüsünün dəstəklənməsi kimi də şərh oluna bilər. Belə ki, məlum olduğu kimi, sülh müqaviləsinin mətninin, bütün sülh təşəbbüslərinin müəllifi Azərbaycan, prosesi yubadan isə Ermənistandır. Bu mənada Ermənistanın prosesi yubatması ABŞ-nin Cənubi Qafqaz siyasəti ilə də ziddiyyət təşkil edir”.

Deputat qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri artıq yeni mərhələyə qədəm qoyub.

“Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən Bakı ilə Vaşinqton arasında münasibətlər tamamilə soyumuşdu. Tramp administrasiyası isə Bakı ilə münasibətlərin normallaşmasında maraqlıdır. Həmçinin, D.Trampın seçkilərdəki qələbəsi münasibətilə Azərbaycan Prezidentinin ünvanladığı təbrik məktubunda da qeyd edilirdi ki, rəsmi Bakı Birləşmiş Ştatlarla əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir və yeni dövrdə münasibətlərin daha da möhkəmlənəcəyinə, yeni əməkdaşlıq sahələrinin müəyyən olunacağına inanır”, - deyə K.Nurullayeva fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti