Bakı. Trend:
“MEDİAFEST-2025” çərçivəsində Naxçıvanda tanınmış media simaları – “Real” Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov gənc jurnalistlərlə görüş keçiriblər.
Trend xəbər verir ki, ustad dərsi formatında baş tutan görüş Naxçıvan şəhərindəki “Saat Meydanı”nda təşkil olunub.
Tədbir zamanı hər iki media nümayəndəsi öz təcrübələrini
bölüşüb, jurnalistikanın və televiziya sahəsinin dinamik inkişafı,
medianın cəmiyyətə təsiri və informasiya istehsalında məsuliyyət
məsələlərinə toxunub.
Mirşahin Ağayev çıxışında Azərbaycan jurnalistikasının keçdiyi
inkişaf yolunu xatırladaraq müstəqil və obyektiv medianın
formalaşmasında yaranan çətinliklərdən, eyni zamanda əldə olunan
uğurlardan danışıb.
O, gənc jurnalistlərə peşəyə sədaqətli olmağı, informasiyanın
dəqiqliyinə önəm verməyi tövsiyə edib.
Murad Dadaşov isə media və əyləncə sahəsindəki təcrübəsini
paylaşaraq müasir dövrdə tamaşaçı auditoriyasını anlamağın, kontent
yaradarkən etik prinsiplərə sadiq qalmağın və yaradıcı yanaşmanın
əhəmiyyətini vurğulayıb.
Gənc jurnalistlər və tələbələrin motivasiyaedici görüş kimi dəyərləndirdikləri ustad dərsi interaktiv şəkildə keçib, iştirakçılar öz suallarını ünvanlayaraq maraqlandıqları mövzularla bağlı ətraflı cavablar alıblar.