Bakı. Trend:
ABŞ-nin Müdafiə Nazirliyi silah və hərbi texnika istehsalı üzrə ixtisaslaşmış “Lockheed Martin Space” şirkətinə “Çevik Qlobal Zərbə” proqramının hazırlanmasına görə1 milyard ABŞ dollar ödəyəcək.
Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumatlardan göründüyü kimi, razılaşma proqramın idarə olunması, mühəndis layihələndirmə, sistemlərin inteqrasiyası, raketlər və buraxılış platformalarının istehsalı üçün material və avadanlıqların satın alınması üzrə işlərin yerinə yetirilməsini nəzərdə tutur.
Müqavilə "cost-plus-incentive-fee" və "cost-plus-fixed-fee" formatında bağlanıb — bu o deməkdir ki, podratçının xərcləri kompensasiya olunacaq və nəticələrdən asılı olaraq sabit və ya stimullaşdırıcı əlavə ödəniş veriləcək.
İşlər Kolorado ştatının Denver, Alabama ştatının Hantsvill, Kaliforniya ştatının Sanniveyl, Florida ştatının Titusvill şəhərlərində və digər ərazilərdə həyata keçiriləcək. Müqavilənin 2028-ci il avqustun 31-dək başa çatdırılması gözlənilir.
Birinci mərhələdə ABŞ ordusunun elmi-tədqiqat və təcrübi-konstruktor işləri üçün 2024 və 2025-ci maliyyə illərində ABŞ federal büdcəsindən 140 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.