Bakı. Trend:
Azərbaycanın təbii qazı Bolqarıstan bazarında əlverişli qaz qiymətlərinin təmin olunmasında həlledici rol oynamağa davam edir.
Bu barədə Trend Bolqarıstanın Enerji və Su Təsərrüfatının Tənzimlənməsi Komissiyasının ( EWRC) bəyanatına istinadən xəbər verir.
Komissiya iyun ayı üzrə təbii qazın qiymətini giriş, daşınma, aksiz dəyəri və ƏDV nəzərə alınmadan hər meqavatt-saatına (MWh ) 64,32 bolqar levası olaraq müəyyən edib. Bu qiymət əsasında dövlət şirkəti olan “Bulgargaz” istilik enerjisinin istehsalı və nəqli üzrə lisensiyası olan son tədarükçülərə və müəssisələrə qaz tədarükünü həyata keçirəcək.
EWRC qeyd edirlər ki, bu qiymət “Bulgargaz”ın təqdim eydiyi yenilənmiş məlumatların təfsilatlı təhlili nəticəsində müəyyənləşdirilib.
Qiymət formulunun əsas elementi Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Azərbaycanla uzunmüddətli müqavilə çərçivəsində nəql olunan Azərbaycan qazının tam həcmdə daxil edilməsi olub.
“Bu həcmlər Bolqarıstanın enerji tələbatının əhəmiyyətli hissəsini qarşılayır və təbii qazın əlverişli qiymətinin təmin olunmasında mühüm rol oynayır”, – komissiyanın bəyanatında qeyd olunur.
Azərbaycan qazının tədarükündən əlavə, Bulgargaz beynəlxalq treyderlərlə mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üzrə iki müqavilə də bağlayıb.
Qeyd edək ki, Yunanıstan–Bolqarıstan interkonnektoru Bolqarıstanı Cənub Qaz Dəhlizi ilə birləşdirir və Şaquli Qaz Dəhlizinin bir hissəsini təşkil edir. Bu qaz kəməri regionda enerji əlaqəliliyini və təhlükəsizliyini gücləndirir, yeni və şaxələndirilmiş mənbələrdən təbii qaza çıxışı təmin edir. Hazırda onun illik buraxılış qabiliyyəti 3 milyard kubmetr təşkil edir və texniki imkanlar 5 milyard kubmetrə qədər artırıla bilər. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz tələbatının təxminən 70 faizini təmin edir və Moldova və Ukrayna kimi əsas bazarlara şaxələndirilmiş tədarük üçün etibarlı marşrut rolunu oynayır.