Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belçikadakı Azərbaycan icması ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyində təşkil olunan görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsinin yad olunması ilə başlayıb.
“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının fəaliyyətində öz əksini tapır” – bu sözləri komitə sədri çıxışında səsləndirib. Xaricdəki azərbaycanlıların ölkəmizin tarixi qələbəsindən sonra informasiya müharibəsi, diplomatik təşəbbüslər və lobbiçilik sahəsində kifayət qədər fəallaşdığını, keyfiyyətli fəaliyyət ortaya qoyduqlarını qeyd edib.
Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib.
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov icma görüşünü müsbət qiymətləndirib, soydaşlarımızın diaspor fəaliyyətini təqdir etdiyini dilə gətirib.
“Fireland” Azərbaycanlılar Birliyinin, BAF – Belçika Azərbaycanlıları Federasiyasının, “MADANİ – Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının, “Radio Octo” radiosunun, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha güclü, daha məhsuldar və daha effektiv birlik mühiti yaratdıqlarını nəzərə çatdırıb, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Tədbirdə, həmçinin Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə koordinatoru seçilib.
Bədii hissədə azərbaycanlı uşaq və gənclərin ifasında təqdim olunan milli musiqilər, milli rəqslər sürəkli alqışlarla qarşılanıb.