Bakı. Trend:
Vətəndaşlar artıq göndəriş aldığı təqdirdə istədiyi özəl xəstəxanaya müraciət edə bilər. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı deyib.
O bildirib ki, 179 özəl tibb müəssisəsi ilə müqavilə mövcuddur.
"Xidmətlərin sayı ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyon olub. Bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı da artırılaraq 179-a çatıb. Özəl tibb müəssisələrində həyata keçirilən cərrahi əməliyyat sayı 30%, göndəriş sayı isə 12% artaraq müvafiq olaraq 167 mini və 304 mini keçib", - agentlik sədri vurğulayıb.
Zaur Əliyev əlavə edib ki, bu göstəricilər sığorta çərçivəsində özəl xəstəxanalarda da tibbi xidmətlərə əlçatanlığın təmin edildiyini göstərir.