...

PwC Azərbaycan, Böyük Britaniya Ticarət Palatası və ƏƏSMN əmək qanunvericiliyindəki son dəyişiklikləri müzakirə ediblər (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2024 16:27 (UTC +04:00)
PwC Azərbaycan, Böyük Britaniya Ticarət Palatası və ƏƏSMN əmək qanunvericiliyindəki son dəyişiklikləri müzakirə ediblər (FOTO)

Bakı. Trend:

“PwC Azərbaycan” şirkəti Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “TLP Həftəsi 2024” çərçivəsində Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə həsr olunmuş xüsusi sessiya keçirib. Tədbirdə iştirak edən biznes liderləri və siyasətçilər bu dəyişikliklərin nəticələrini müzakirə edərək, onların həyata keçirilməsi ilə bağlı praktiki tövsiyələr veriblər.

Sessiyaya açılış nitqi ilə başlayan PwC-nin Hüquq və ESG Xidmətləri üzrə Baş Meneceri Leyla Sadıxova və HR məsələləri üzrə Baş Menecer Rəna Hacıyeva biznes əməliyyatlarının və normativ tələblərə uyğunluq çərçivələrinin formalaşdırılmasında qanunvericilik aktlarının yenilənməsinin mühüm rolunu vurğulayıblar. Leyla Sadıxova Azərbaycanda və Avropa İttifaqı ölkələrində sosial dayanıqlılıq sahəsində aktual problemlərə dair təqdimatla çıxış edərək, bu mövzunun və bütövlükdə tədbirin sosial dayanıqlılıq perspektivi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Korporativ Dayanıqlı İnkişaf Hesabatlılığına dair Direktiv (CSRD) çərçivəsində dayanıqlı inkişaf standartları və Avropa Dayanıqlı İnkişaf Hesabatı Standartları (ESRS) işəgötürənlərin birbaşa sosial məsuliyyətinin təsdiqidir. PwC-nin inteqrasiya olunmuş həllərin təqdim edilməsinə xüsusi önəm verdiyini vurğulayan Rəna Hacıyeva son dəyişikliklərə mükəmməl şəkildə uyğunlaşmaq və HR proseslərini sadələşdirmək üçün nəzərdə tutulmuş ERP əsaslı yeni “Odoo” paltformasını təqdim edib.

Daha sonra Hüquq Xidmətləri üzrə Baş Məsləhətçi Fərid Qənbərov və HR məsələləri üzrə Baş Məsləhətçi Rəna Fərəcova son dəyişikliklərin hüquqi və HR aspektləri haqqında ətraflı məlumat verərək, bizneslərə bu dəyişikliklərin effektiv idarə edilməsi barədə yol xəritəsi təklif ediblər.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri İlham Həsənov, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin müdiri Əli Tağızadə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin rəis müavini Aynurə Tağıyeva öz dəyərli fikirlərini bildirib, normativ xarakterli məlumatlar və praktiki tövsiyələr veriblər. Yuxarıda adları çəkilən ekspertlər əmək qanunvericiliyindəki dəyişiklikləri nəzərdən keçirərək, onların praktiki təsirlərinə və icra mexanizmlərinə xüsusi diqqət yetiriblər.

Sessiya iştirakçıların məruzəçilərlə birbaşa ünsiyyət qurmasına imkan verən interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

PwC Azərbaycan mürəkkəb tənzimləyici mühitdə fəaliyyət göstərmək üçün praktiki ideyalar və uyğunlaşdırılmış davamlı həllər təqdim etməklə biznesləri dəstəkləməkdə qərarlı olduğunu bir daha nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti