...

Yeni il ərəfəsində Azərbaycanda qızılın qiyməti bahalaşacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 17 Dekabr 2024 20:00 (UTC +04:00)
Yeni il ərəfəsində Azərbaycanda qızılın qiyməti bahalaşacaq? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Yeni il bayramı ərəfəsində qızılın qiymətində artım baş verə bilər.

Bunu Trend-ə açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

“Bu dövr ənənəvi olaraq qiymətli metallara olan tələbatın artması ilə səciyyələnir. Azərbaycanda Yeni il və digər bayram mövsümlərində zinət əşyalarına marağın yüksəlməsi müşahidə olunur. Bu artan tələb daxili bazarda qızılın qiymətinə təsir edə bilər.

Bundan başqa, qlobal miqyasda mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq siyasətləri də qiymət artımını təşviq edir. Azərbaycanda da qlobal bazardakı bu tendensiyalar hiss edilir. Qızıl maliyyə təhlükəsizliyini təmin edən strateji investisiya aləti kimi öz aktuallığını qoruyur.

Dünya birjasında baş verən dəyişikliklər Azərbaycanın qızıl bazarına birbaşa təsir göstərir. Bu proses qiymətli metalların və zərgərlik məmulatlarının qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Son dövrlərdə ölkəmizdə 585, 750 və 999.9 əyarlı qızılın satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur”, - o qeyd edib.

R.Əmircanov qeyd edib ki, hazırda yerli bazarda qızılın satış qiymətləri birja dəyəri və məmulatın işçiliyinə əsasən müəyyən edilir:

“Bu yanaşma qızılın növü və əyarı ilə yanaşı, məmulatın hazırlanma keyfiyyətinin də qiymətə təsir etməsini təmin edir.

Dünya birjasında baş verən bahalaşma ölkəmizdə qızıl və digər qiymətli metallara olan tələbatı artırır
Ümumilikdə, Yeni il bayramı mövsümündə artan tələbat və qlobal iqtisadi faktorlar qızılın qiymətinin yüksəlməsinə təkan verə bilər. Bu, bazarı daha dinamik edər və qızılı daha cəlbedici investisiya vasitəsinə çevirər”.

Sədr müavini dünyadakı qızıl qiymətləri ilə bağlı bildirib ki, noyabr ayında qızılın qiymətinin artması qlobal iqtisadi və geosiyasi proseslərlə bilavasitə əlaqəlidir.

“ABŞ-də inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində investorların bu qiymətli metala marağı artıb, aşağı borcalma faizləri stabil, lakin az gəlirli aktivlərə, xüsusilə qızıla yönəlişi gücləndirib.

Eyni zamanda, geosiyasi risklər, inflyasiya təhdidləri və qlobal bazarlardakı qeyri-müəyyənlik qiymətlərin yüksəlişini stimullaşdırıb. Mərkəzi bankların yumşaq monetar siyasət siqnalları da təhlükəsiz aktivlərə olan tələbi artıraraq, qiymət artımını dəstəkləyib.

Oktyabr ayında qızılın qiyməti Federal Rezerv Sistemi (FRS) tərəfindən həyata keçirilən yumşaq monetar siyasətin təsiri ilə rekord səviyyəyə – 2 790 ABŞ dollarına qədər yüksəlib. Daha sonra ABŞ-də keçirilən seçkilərdən sonra qiymətlər enib, lakin noyabr ayında yenidən artaraq 2 700 ABŞ dolları səviyyəsinə çatıb. Hazırda qızıl külçələrinin qiyməti 2 650 - 2 670 ABŞ dolları arasında dəyişir.

Çin Mərkəzi Bankının altı aylıq fasilədən sonra qızıl alışlarını bərpa etməsi qiymətlərin artımını gücləndirən vacib amillərdəndir. Bundan başqa, qızılın təhlükəsiz aktiv kimi qəbul olunması, qlobal iqtisadi qeyri-müəyyənlik fonunda qiymət artımını dəstəkləyir.

Bununla yanaşı, gümüş də əhəmiyyətli dəyər qazanıb. Gümüş ötən il ərzində 35%-dən çox bahalaşaraq, 32 ABŞ dollarından yuxarı səviyyəyə çatıb. Hazırda gümüş külçələrinin qiyməti 31 ABŞ dolları təşkil edir.

Dünya Bankının proqnozlarına görə, gümüşə olan tələbatın artması qiymətlərin gələcəkdə də yüksəlməsini təmin edəcək. Bu artım, xüsusilə sənaye və maliyyə sahələrində geniş istifadə ilə bağlıdır.

Platin və palladium kimi digər qiymətli metalların qiymətləri nisbətən sabit qalır. Bunun əsas səbəbi avtomobil sənayesində tələbin azalmasıdır. Lakin uzunmüddətli perspektivdə platinə tələbatın bərpa olunması gözlənir”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti