Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.