Bakı. Trend:
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının faktiki olaraq terror təşkilatı olmadığını bəyan edib.
Trend xəbər verir ki, Ömər Çelik bu barədə mətbuat konfransında çıxış edərək qruplaşmanın Avropa İttifaqı ilə əlaqələr qurduğunu və hazırda terror təşkilatları siyahısında yer alsa da, bunun dəyişəcəyini vurğulayıb.
“Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culani Avropa İttifaqı və digər tərəflərlə əlaqələr qurub. “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması mümkündür, çünki o, artıq faktiki olaraq terror təşkilatı deyil,” - deyə Çelik bildirib.
Çelik həmçinin qeyd edib ki, ötən həftə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə Əbu Məhəmməd əl-Culani ilə görüş keçirib.
Bu açıqlama regionda təhlükəsizlik və terrorla mübarizə mövzusunda yeni müzakirələrə səbəb olub.