Bakı. Trend:
İsrail və HƏMAS arasında Qəzza zolağında münaqişənin həlli üçün aparılan danışıqlarda irəliləyiş əldə olunub. Girovların azad edilməsi ilə bağlı razılaşmanın bir ay ərzində əldə ediləcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə The Jerusalem Post qəzeti məsələ ilə tanış olan iki rəsmiyə istinadən xəbər yayıb. Məlumata əsasən, danışıqlar zamanı müsbət atmosfer hökm sürür və tərəflər razılığa gəlmək üçün ciddi səylər göstərir.
Qəzet bildirir ki, bu məlumatı həm HƏMAS, həm də ərəb mediası təsdiqləyib. Hazırda tərəflər arasında girovların azad olunması və digər məsələlərlə bağlı intensiv müzakirələr davam edir.