Bakı. Trend:
Azərbaycan Şahmat Federasiyası (AŞF), şahmatçıların inkişafını dəstəkləmək və milli yığma komandaların formalaşma meyarlarını müəyyənləşdirmək məqsədilə yeni dəstək proqramını təqdim edib.
Trend xəbər verir ki, AŞF-nin İcraiyyə Komitəsi, şahmatçıların etik davranış qaydalarını da ilk dəfə olaraq təsdiqləyib.
Yeni dəstək proqramı çərçivəsində şahmatçılara beynəlxalq reytinqlərinə əsasən təqaüd veriləcək. Kişi şahmatçılar üçün 2600, qadın şahmatçılar üçün isə 2300 reytinqindən aşağı olmayan şahmatçılar 2025-ci ilin yanvar ayından etibarən aylıq təqaüd almaq hüququna sahib olacaqlar. Bu proqramdan faydalanmaq üçün şahmatçılar aşağıdakı şərtləri yerinə yetirməlidir:
Azərbaycan çempionatında iştirak etməli,
FIDE reytinqində aktiv statusda qalmalı,
İyul ayından etibarən il ərzində minimum 25 oyun keçirməlidir.
Milli yığma komandaya daxil edilən şahmatçılar isə əlavə təqaüd
alacaq.
Bundan əlavə, yaş qrupları üzrə ölkə çempionatının qalibləri üçün də vacib yeniliklər nəzərdə tutulub:
Ölkə çempionları avtomatik olaraq dünya və Avropa
çempionatlarında iştirak hüququ əldə edəcəklər.
2-ci yerin sahibləri Avropa çempionatına göndəriləcək.
3-cü yeri tutan şahmatçılara beynəlxalq yarışlarda iştirak üçün
maliyyə dəstəyi göstəriləcək.
Bu yeniliklərin, şahmatçıların inkişafını sürətləndirəcəyi,
beynəlxalq arenada daha çox uğur əldə etmələrinə imkan yaradacağı
və ölkədə şahmatın daha geniş yayılmasına təkan verəcəyi
gözlənilir.