Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aşağı karbonlu enerji keçidinə dəstək göstərir.
Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun yeni təyin olunmuş icraçı direktoru Qarri Boyd-Karpenter bildirib.
“Əsas prioritetlərdən biri hərracların keçirilməsidir. Bu, həqiqətən, mühüm addımdır, çünki qiymətlərin şəffaf formalaşmasını təmin edir. COP29 çərçivəsində bu, bazar qiymətinin əldə edilməsi üçün əhəmiyyətli bir addım oldu. İndi bizim vəzifəmiz layihənin reallaşdırılmasını, maliyyələşdirilməsini və inşasını təmin etməkdir”, – deyə o qeyd edib.
Q.Boyd-Karpenter iqlim hədəflərinə nail olmaq üçün planlaşdırmanın vacibliyini vurğulayıb.
“Gələn il Azərbaycan qarşıdakı beş il üçün iqlim ambisiyalarını əks etdirən Yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini təqdim edəcək. Bunun üçün hökumətə aydın bir plan lazımdır və biz onun hazırlanmasında dəstək göstərmək niyyətindəyik”, – deyə o əlavə edib.
Bundan əlavə, direktor bankın Azərbaycan hökuməti ilə milli hidrogen strategiyasının hazırlanması üzərində aktiv əməkdaşlıq etdiyini bildirib.
“Azərbaycan artıq uğurla təbii qaz və neft istehsal və ixrac edir. Niyə də “yaşıl” hidrogen və ammonyakın eyni dərəcədə uğurlu istehsalçısı və ixracatçısı olmasın?”, – deyə Q.Boyd-Karpenter qeyd edib.
O, həmçinin, AYİB-in Azərbaycanın “Yaşıl şəhərlər” proqramı çərçivəsində əməkdaşlığından danışıb və Gəncənin bu proqram çərçivəsində ölkənin ilk “yaşıl” şəhəri olduğunu vurğulayıb.
“Gəncə proqrama qoşulub və hazırda bizim prioritetimiz bu şəhərlə birgə çalışmaqdır. Növbəti həyata keçirməyi planlaşdırdığımız layihə isə çirkab sularının təmizlənməsi ilə bağlıdır”, – deyə o əlavə edib.
“Bizim məqsədimiz Azərbaycanın digər şəhərlərini də bu proqrama cəlb etməkdir və gələcəkdə diqqətimizi binaların enerji effektivliyinin artırılmasına və istilik sistemlərinin elektrikləşdirilməsinə yönəltməyi planlaşdırırıq”, – deyə Q.Boyd-Karpenter vurğulayıb.
Aşağı karbonlu enerjiyə keçidi sürətləndirmək üçün innovativ strategiyalar
“Biz ölkələrə dayanıqlı enerjiyə keçidi sürətləndirmək üçün öz normativ bazalarını uyğunlaşdırmaqda kömək etməyə çalışırıq. COP29 çərçivəsində biz Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə hərrac təşkil etməsinə dəstək verdik, burada özəl şirkətlər bir-biri ilə effektiv rəqabət apara bildilər. Biz bu nəticə ilə qürur duyuruq – bu, innovativ siyasətin parlaq nümunəsidir”, – deyə AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun icraçı direktoru bildirib.
O əlavə edib ki, AYİB-in fəaliyyətinin vacib aspektlərindən biri maliyyə mexanizmləri vasitəsilə özəl sektorun cəlb edilməsidir.
“Bizim prioritetlərimizdən biri yerli banklarla əməkdaşlıqdır. COP29 zamanı Azərbaycan bankları ilə iki kredit sazişi imzaladıq. Biz bunu maliyyə axınlarını “yaşıl” iqtisadiyyata yönəltməkdə kömək edən qaydalar və prosedurlar toplusu vasitəsilə həyata keçiririk və mövcud maneələri aradan qaldıran effektiv strukturlar yaradırıq”, – deyə o vurğulayıb.
AYİB-in iqlim dəyişikliyi problemlərinin həllində prioritetləri
“Son dörd-beş ildə enerji və infrastruktur sahəsində böyük nəticələr əldə etmiş qrupumuzun nailiyyətlərini inkişaf etdirməyə davam edəcəyəm. Bu il rekord həcmdə investisiyalar təmin edəcəyik. 2024-cü ildə investisiyalarımızın həcminin 6 milyard avronu keçəcəyini gözləyirik və bu vəsaitlərin üçdə ikisi ekoloji dayanıqlı layihələrə yönəldiləcək. Bu, bərpa olunan enerjidən çirkab sularının təmizlənməsinə və Mərkəzi Asiyada ilk yaşıl hidrogen istehsalı layihəsinə qədər hər şeyi əhatə edir. Nəticələr artıq təsir edicidir”, – deyə Q.Boyd-Karpenter qeyd edib.
O bildirib ki, AYİB-in əsas prioriteti enerji keçididir.
“Biz əminik ki, dünya karbohidrogenlərdən külək və günəş kimi bərpa olunan enerji mənbələrinə keçməlidir və keçə bilər. Bu, on illərlə davam edəcək uzunmüddətli bir prosesdir, lakin mümkündür, zəruridir və iqtisadi cəhətdən sərfəlidir. Bu prosesin sürətləndiyini görürük. COP29 çərçivəsində Azərbaycanın 760 meqavat gücündə günəş enerjisi layihəsinin inşası ilə bağlı müqavilənin imzalanması bunun bariz nümunəsidir. Bu, ölkə üçün əhəmiyyətli bir investisiyadır”, – deyə icraçı direktor əlavə edib.
Qarri Boyd-Karpenter Azərbaycanda həyata keçirilən layihələrə bənzər layihələrin Özbəkistan, Misir, Rumıniya və Polşada da başlandığını və bu layihələrin daha böyük miqyasda icra olunacağını açıqlayıb.
“Enerji portfelinin böyüməsi və bərpa olunan enerji mənbələrinin payının artması ilə sistemin bu yükü idarə edə bilməsi vacibdir. Buna görə də biz enerji saxlama layihələri, batareyalar üzərində daha fəal işləyəcəyik və enerjinin ötürülməsi və şəbəkələrinə olan investisiyaları əhəmiyyətli dərəcədə artıracağıq. Bu, enerji keçidinin ayrılmaz hissəsidir”, – deyə o vurğulayıb.
Qarri Boyd-Karpenter gələcək inkişaf üçün iki əsas istiqaməti qeyd edib. Birinci istiqamət – iqlim dəyişikliyinə uyğunlaşa bilən və əhali üçün rahat şərait təmin edən davamlı şəhərlərin yaradılmasıdır.
“Bu gün dünya üzrə karbon qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərin payına düşür və biz bu emissiyaların azaldılmasına çalışmalıyıq. Şəhərlər, həmçinin, artıq bizim reallığımız olan istilik streslərinə hazırlıqlı olmalıdır. Onların istiliyi udmaq və yüksək temperatur dövrləri ilə mübarizə aparmaq qabiliyyətinə malik olması vacibdir”, – deyə o bildirib.
Q.Boyd-Karpenter iqlim qeyri-sabitliyinin quraqlıqlar və daşqınlar kimi problemlərə səbəb olacağını vurğulayıb.
“Şəhərlər bu cür şərtlərdə yaşamaq qabiliyyətinə malik olmalıdırlar. Onları daha “yaşıl” edə, biomüxtəlifliyi uyğun və ekoloji cəhətdən əlverişli məkana çevirə bilərik. İkinci vacib istiqamət isə dayanıqlı rabitə sistemlərinin qurulmasıdır. Bu sistemlər ekoloji standartlara cavab verməli və infrastrukturun uzunmüddətli sabitliyini təmin etməlidir”, – deyə o əlavə edib.
X: @Lyaman_Zeyn