Bakı. Trend:
TƏBİB-in təşkilatçılığı ilə bu gün səhər saatlarından etibarən Bakı şəhərində “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” (SİZ-2024) öz işinə başlayıb.
Trend xəbər verir ki, gün ərzində davam edəcək tədbirdə dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanların müzakirəsi nəzərdə tutulur.
Azərbaycanda yeni səhiyyə erasına həsr edilən və “Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunan SİZ-2024 iki panel, üç sessiyadan ibarətdir və panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir.
İlk öncə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov tədbir zamanı çıxış edərkən deyib ki, regionlarda səhiyyə sistemi ilə bağlı problemlər var.
"Rregionlarda ciddi həkim çatışmazlığı var. Çünki həkimlərin 60-70 faizi Bakıda cəmləşib. Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək", - o əlavə edib.
Onun sözlərinə görə, TƏBİB tabeli xəstəxanalara bu gün 1,8 milyard manata yaxın büdcə ayrılıb. Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub.
Daha sonra Qarabağ Universitetinin tibb proqramlarının direktoru Samir Babayev çıxışında qeyd edib ki, Qarabağ Universitetində ən yaxşı klinik model tətbiq oluna bilər. O, əvvəllər dünyaca məşhur Mayo Klinikasında çalışdığını xatırladıb.
"Həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi xidməti sahəsində ciddi irəliləyişlərə səbəb ola bilər. Bu model qeyri-kommersiya prinsipi ilə işləyir və bütün gəlirlər işçilərin rifahı və infrastrukturun inkişafına yönəldilir. Əsas məqsəd işçilərin məmnuniyyətini artırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimuma çatdırmaqdır. Mayo Klinikası işçilərinə yüksək maaş və sabit əməkhaqqı təmin etməklə fərqlənir. Burada işçilər yalnız maaş alır, əlavə bonus və imtiyazlar yoxdur. Lakin əməkhaqqı digər tibb mərkəzlərinə nisbətən daha yüksəkdir ki, bu da peşəkarların uzunmüddətli işləməsini təmin edir", - Babayev əlavə edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə isə əlavə edib ki, İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə cibdən ödənişlərdə azalma müşahidə olunur.
"Cibdən ödənişlərin daha da azaldılması yönündə addımlar atılır. Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir. Bunu nəzərə alaraq artıq gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi nəzərdə tutulub. Hazırda həmin qərarın tətbiqi üçün qaydaların üzərində işlənilir", - deyə o əlavə edib.
Öz növbəsində Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib ki, tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması mütləqdir.
"Müasir rəqəmsallaşma ilə ayaqlaşmaq lazımdır. Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanda təqdimatı nəzərdə tutulur.
Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrezlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşdırılması mümkün olacaq", - deyə o əlavə edib.
Daha sonra TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında deyib ki, səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadə edərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir.
"Buna adekvat olaraq maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyalarla xidmət keyfiyyətinin və səmərəliliyinin artırılması da xüsusi ilə əhəmiyyətlidir.
Əlbəttə ki, bütün bunlar həm də müasir idarəetmə tələb edir. İstər kadrların, istər maddi-texniki resursların düzgün idarəedilməsi, yüksək menecment olmadan uğurlu ola bilməz. Bütün bunlar vəhdət təşkil etməli, vahid kompleks şəklində formalaşdırılmalıdır.
TƏBİB də Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır", - o əlavə edib.
Qeyd edək ki, tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin, kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Xəbər yenilənəcək