Bakı. Trend:
Moskva şəhərində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisinin ölümünə səbəb olan terror aktını törətməkdə şübhəli bilinən şəxs Özbəkistan vətəndaşıdır.
Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, şübhəli 1995-ci il təvəllüdlüdür. Saxlanılan şəxs dindirmə zamanı Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alındığını etiraf edib. Onun sözlərinə görə, generalın öldürülməsi qarşılığında ona 100 min ABŞ dolları və Avropa ölkələrindən birində yaşayış hüququ vəd edilib.
Qeyd edilib ki, Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Xatırladaq ki, Moskvada Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub.