Bakı. Trend:
Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditlərə çıxışını genişləndirmək, aztəminatlı ev təsərrüfatlara dəstək olmaq və "yaşıl" layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan manatı (AZN) ilə denominasiya olunmuş istiqrazlar buraxıb.
Trend IFC-yə istinadən xəbər verir ki, dördillik istiqrazlar nəticəsində 34 milyon manat (20 milyon ABŞ dolları ekvivalenti) cəlb edilib.
Bu, biznes subyektləri və aztəminatlı ev təsərrüfatları üçün iqlim maliyyələşdirməsinə çıxışı artıraraq ölkədə iqlim layihələrinin inkişafına töhfə verəcək.
İstiqrazlar Lüksemburq Fond Birjasında ticarət olunur və sosial davamlılığın gücləndirilməsi ilə yanaşı, geniş auditoriya üçün "yaşıl" texnologiyalara çıxışı təmin edir. Emissiyanın dillerliyini “Standard Chartered Bank” həyata keçirib.
IFC-nin Xəzinə Müştəri Həlləri Departamentinin direktoru Keşav Qaur qeyd edib ki, kapital bazarlarının imkanlarından istifadə etməklə, IFC bizneslərə yerli valyutada maliyyələşmə imkanı yaradır və xarici valyutada borclanma risklərini azaldır.
"Bu istiqrazlar təkcə özəl biznesi və ekoloji cəhətdən davamlı layihələri dəstəkləmir, eyni zamanda Azərbaycanın iqtisadiyyatını şaxələndirir, dayanıqlığı gücləndirir və uzunmüddətli inkişafa zəmin yaradır", – deyə K.Qaur bildirib.
“Capitulum Fondu”nun idarəçisi Teodor Kirşner isə IFC ilə əməkdaşlığın önəmini vurğulayıb.
"Biz IFC ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq bizə Azərbaycan kimi inkişaf etməkdə olan bazarlarda yerli faiz dərəcələrinə çıxış imkanı verir, eyni zamanda cəlb edilmiş vəsaitlərin şəffaf və davamlı istifadəsini təmin edir. Biz aktiv sinifimizin inkişafı və davamlı layihələrin irəliləməsi üçün əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - o qeyd edib.
Qeyd edək ki, 2020-ci ildən etibarən IFC bir ildən dörd ilədək müddətə və dövlət etalonundan 300 baza bəndi aşağı faiz dərəcələri ilə 189 milyon manatdan çox məbləğdə istiqrazlar buraxıb.
IFC-nin fəaliyyətinə gəldikdə, bu qurum Dünya Bankı Qrupunun üzvü olaraq inkişaf etməkdə olan bazarlarda özəl sektora fokuslanmış ən böyük qlobal inkişaf institutudur. 100-dən çox ölkədə fəaliyyət göstərən IFC, kapital, bilik və təsir imkanlarından istifadə edərək bazarlar və imkanlar yaradır. 2024-cü maliyyə ilində IFC, inkişaf etməkdə olan ölkələrdə özəl şirkətləri və maliyyə institutlarını dəstəkləmək üçün rekord həcmdə – 56 milyard ABŞ dolları vəsait ayırıb və özəl sektorun həll yollarını cəlb edərək yoxsulluqdan azad və davamlı bir planet üçün töhfə verib.