Bakı. Trend:
Qırğızıstan Nazirlər Kabinetinin yeni sədri Adilbek Kasımaliyev təyin edilib.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq fərmanı Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb.
"Kasımaliyev Adılbek Aleşoviç Qırğızıstan Respublikasının Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilsin", - fərmanda qeyd edilib.
Həmçinin, Daniyar Amanqeldiyevin Nazirlər Kabineti sədrinin birinci müavini, Bakıt Sıdıkovun isə iqtisadiyyat və ticarət naziri vəzifələrinə təyinatı ilə bağlı fərmanlar imzalanıb.
Qeyd edək ki, 16 dekabr tarixində Akılbek Japarovun Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verərək başqa bir işə keçəcəyi məlum olmuşdu. Nazirlər Kabinetinin sədrinin səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin birinci müavini A.Kasımaliyev icra edirdi. İqtisadiyyat və ticarət naziri olan D.Amanqeldiyev isə Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsinə yüksəlmişdi.
Adılbek Kasımaliyev 1960-cı ildə anadan olub. O, Leninqrad Maliyyə-İqtisad İnstitutunda iqtisadçı təhsili alıb. 1990-cı ildən vergi sahəsində çalışıb. 2010–2011-ci illərdə Qırğızıstan hökuməti yanında Dövlət Vergi Xidmətinə rəhbərlik edib. Daha sonra İqtisadiyyat Nazirliyində çalışıb. 2015–2018-ci illərdə Maliyyə Nazirliyinə rəhbərlik edib, 2022-ci ildə isə baş nazirin birinci müavini vəzifəsini icra edib.