Bakı. Trend:
Kanadanın Baş naziri Castin Trüdo rəhbərlik etdiyi Liberal Partiyada baş verən son hadisələri ailədaxili münaqişəyə bənzədərək, bu problemlərin öhdəsindən gələ biləcəklərinə inandığını bildirib.
Trend-in məlumatına görə, Trüdo bu fikirləri Kanada Liberal Partiyasının Milad şənliyində çıxışı zamanı ifadə edib. Onun çıxışı yerli televiziya kanallarında yayımlanıb.
“Əksər ailələrdə olduğu kimi, bizdə də bayramlarda bəzən dava-dalaş baş verir. Lakin əksər ailələr kimi biz də bu vəziyyəti həll edə bilərik. Siyasətdə həmişə çətin günlər və böyük problemlər olur”, - deyə Trüdo vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazirin müavini və Maliyyə Naziri Kristia Friland, ardınca isə Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer istefa verdiklərini açıqlayıblar. Bu istefalar müxalifətin və ictimai xadimlərin tənqidi ilə müşayiət olunub.