Bakı. Trend:
PSJ-nin müdafiəçisi Milan Şkrinyar karyerasını Türkiyə Super Liqasında "Qalatasaray" klubunda davam etdirə bilər.
Trend-in məlumatına görə, "Mercato" nəşri slokakiyalı futbolçunun "Qalatasaray" tərəfindən transfer edilmək istəndiyini bildirib.
PSJ klubunun rəhbərliyi, yüksək maaşla oynayan Şkrinyarı yanvar ayında ya satmağı, ya da icarəyə verməyi planlaşdırır. Türkiyə klubu isə artıq ilkin təmaslara başlayıb. 29 yaşlı mərkəz müdafiəçisi "Qalatasaray"da oynamağa müsbət yanaşır. İstanbul təmsilçisi, futbolçunun maaşının yarısını ödəməyi təklif edərək, onu qış transfer pəncərəsi zamanı icarəyə götürmək niyyətindədir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Milan Şkrinyar ötən ilin yayında "İnter"lə müqaviləsi bitdikdən sonra azad agent olaraq PSJ-yə transfer olub. Slovakiya millisinin üzvü bu mövsüm PSJ-də 5 rəsmi matçda iştirak edib. Təcrübəli müdafiəçinin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir və illik maaşı 7 milyon avro təşkil edir.