...

AMB 2025-ci ildə valyuta bazarında sabitlik gözləyir

Maliyyə Materials 18 Dekabr 2024 12:13 (UTC +04:00)
AMB 2025-ci ildə valyuta bazarında sabitlik gözləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə valyuta bazarında sabitlik gözləyir

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

"Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 9 ayda 4 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 7.2%-i səviyyəsində olub. Cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ilin 11 ayında 5.6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb", - məlumatda deyilir.

Qeyd edilib ki, əlverişli xarici sektor göstəriciləri şəraitində valyuta bazarında sabitlik qorunur, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilir.

"Mərkəzi Bank öncədən açıqlandığı kimi birdəfəlik dövlət xərclərini qarşılamaq üçün 2023-cü ildə daxili bazardan aldığı xarici valyuta hesabına 2024-cü ilin noyabr ayında da planlı şəkildə valyuta satışı həyata keçirib. Buna baxmayaraq, 2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 mlrd. ABŞ dolları təşkil edib. Bu da beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, Mərkəzi Bankın valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Oktyabr proqnozuna görə 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir", - məlumatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 18 dekabr tarixində uçot dərəcəsini dəyişməz olaraq 7,25 faiz səviyyəsində saxlamaq qərarını qəbul edib. Həmçinin faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

Uçot dərəcəsinin dəyişməz saxlanması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonu (4±2%) daxilində olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınaraq qəbul edilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və gözlənilən inflyasiya göstəriciləri, həmçinin daxili və xarici risk amillərinin dinamikası nəzərə alınaraq qəbul ediləcək.

Mərkəzi Bank iqtisadi prosesləri təhlil etməyə və maliyyə bazarlarını monitorinq etməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti