Bakı. Trend:
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Rəqəmsal Hökumətin İnkişafı” İşçi qrupunun 18 dekabr 2024-cü il tarixində ilk iclası baş tutub.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclas Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) idarə heyətinin sədri İnarə Vəliyeva və İRİA-nın idarə heyəti sədrinin müavini Şahin Əliyevin rəhbərliyi ilə keçirilib.
Bununla yanaşı, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir sıra digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
İlk iclasda Azərbaycanın rəqəmsal hökumət infrastrukturunda mövcud boşluqların müəyyən edilməsi, inkişaf üçün əsas strategiyalar və konkret tədbir planlarının hazırlanması məsələləri müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın EHİİ reytinqini növbəti qiymətləndirmə dövrünə qədər əhəmiyyətli şəkildə yaxşılaşdırmaq məqsədilə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda EHİİ indikatorları istiqamətləri üzrə fəaliyyət planının layihəsi hazırlanaraq ilkin olaraq razılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınıb.
Qeyd edək ki, yeni yaradılan İşçi qrupunun əsas məqsədi BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün müvafiq meyarlar üzrə hazırlanmış fəaliyyət planının icrasını təmin etməkdir. Fəaliyyət planı əlaqədar dövlət qurumları ilə koordinasiyalı şəkildə icra ediləcək.
İşçi qrupu müntəzəm olaraq toplanacaq, irəliləyişləri qiymətləndirəcək, qarşıya çıxan çətinlikləri müzakirə edəcək və rəqəmsal idarəetmə təşəbbüslərinin uğurla həyata keçirilməsini təmin edəcək.