...

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Cəmiyyət Materials 27 Dekabr 2024 17:43 (UTC +04:00)
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Ağdaş, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir, Şəki-Oğuz, Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş, Neftçala-Salyan və Salyan-Neftçala şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 25 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edilib ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Ağdaş və Bakı-İsmayıllı istiqamətlərində 6 Lot üzrə fevralın 4-də;

Bakı-Kürdəmir, Bakı-Qəbələ, Bakı-Cəlilabad və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə fevralın 7-də;

Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir və Şəki-Oğuz istiqamətlərində 5 Lot üzrə fevralın 11-də;

Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş Neftçala-Salyan və Salyan-Neftçala istiqamətlərində 5 Lot üzrə fevralın 14-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti