Bakı. Trend:
Təhlillər göstərir ki, pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyü tədricən yaxşılaşmaqdadır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Qeyd olunub ki, banklararası faizlərlə bəzi depozit növləri üzrə faizlər eyni istiqamətdə dəyişir:
“Eyni zamanda, banklararası pul bazarındakı faizlər müxtəlif müddətli qiymətli kağızların da gəlirliliyinə təsir edir. 2024-cü ilin 11 ayında manatla pul bazası 1,4%, manatla geniş pul kütləsi (M2) isə 2,1% azalıb. Əvvəlki illərdə olduğu kimi, cari ildə də hökumət hesabları qalıqlarının dəyişimi pul təklifinə təsir edən mühüm amillərdən biri olub”.
“Bu ilin ilk 11 ayında təminatsız pul bazarında faizlər dövr ərzində faiz dəhlizinin dəyişiminə reaksiya verib, orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşıb.
2024-cü ilin noyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7,66% təşkil edib. Qeyd edək ki, hesabat dövründə banklararası pul bazarı üzrə faizlərin kommunikasiyasının gücləndirilməsi istiqamətində də işlər görülüb”, - deyə məlumatda qeyd olunub.