Bakı. Trend:
2025-ci ildə Mərkəzi Bank pul siyasəti hədəflərinə nail olmaq üçün sərəncamında olan alətlərdən fəal istifadə edəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Qeyd olunub ki, alternativ pul siyasəti lövbərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək:
“2025-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək”.
Bildirilib ki, Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcək.
"Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank 2025-ci ildə də valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər. 2025-ci ildə də pul bazarında qısamüddətli faizlər pul siyasətinin alternativ əməliyyat hədəfi olaraq istifadə olunacaq. Təminatsız bazarda əqdlərin orta çəkili faizi olan AZIR indeksinin dinamikasına xüsusi diqqət yetiriləcək.
Bençmark faiz indekslərinin hesablanması metodologiyasına beynəlxalq təşkilatların da mövqeyi nəzərə alınmaqla təkmilləşdirmələr ediləcək. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcək”, - deyə məlumatda qeyd olunub.