...

ADY-də elektron yük qaiməsinin tətbiqinə başlanılıb

İqtisadiyyat Materials 28 Dekabr 2024 10:52 (UTC +04:00)
ADY-də elektron yük qaiməsinin tətbiqinə başlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ADY 2024-cü ildə prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib.

“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

Daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün ADY tərəfindən 2024-cü ildə infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi işləri davam etdirilib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Bundan başqa, ADY tərəfindən istehsal proseslərinin təhlili aparılıb və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə – “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaradılıb. Bu sistemlər daşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılması kimi mühüm prosesləri həyata keçirir.

ADY 2024-cü ilin noyabrında müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşların Azərbaycan Dəmir Yollarının xidmətlərindən daha rahat yararlanmasını təmin edir. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti