Bakı. Trend:
"Toyota Motor" şirkəti Rusiyada 195 ədəd "Toyota Alphard" minivenini texniki nasazlıq səbəbindən geri çağırır.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın texniki tənzimləmə və sertifikatlaşdırma üzrə federal agentliyi Rosstandart məlumat yayıb. Geri çağırmaya məruz qalan avtomobillərin VIN nömrələri qurumun rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, xidmət kampaniyası 30 sentyabr 2020-ci ildən 31 mart 2021-ci ilədək satılan nəqliyyat vasitələrini əhatə edir.
Şirkətin araşdırmasına əsasən, avtomobillərin kapotundakı moldinq (uç bəzəyi) bərkidicilərdəki konstruksiya qüsurları səbəbindən temperatur dəyişiklikləri zamanı deformasiyaya uğraya bilər. Bu, bərkidicilərin zəifləməsinə, çatların əmələ gəlməsinə və nəticədə moldinqin hərəkət zamanı avtomobildən ayrılaraq digər nəqliyyat vasitələri üçün təhlükə yaratmasına səbəb ola bilər.
"Toyota" avtomobil sahiblərini pulsuz texniki baxış və təmir üçün rəsmi diler mərkəzlərinə dəvət edəcək. Problemli avtomobillərdə kapot moldinqləri yenisi ilə əvəz olunacaq.