Bakı. Trend:
ABŞ və İran nüvə razılaşmasına gedən yolda aralıq mərhələ ola biləcək çərçivə sazişi üzərində razılıq əldə etməyə çalışırlar.
Trend xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İran bu sazişi “yeni sövdələşməyə doğru bir addım” kimi qiymətləndirir və sənədə ölkənin mülki nüvə proqramına hüququnun tanınması, eyni zamanda nüvə silahı istehsal etməmək öhdəliyinin daxil edilməsini təklif edir. Həmçinin razılaşma çərçivəsində İranın nüvə obyektlərində daha ciddi beynəlxalq yoxlamaların keçirilməsi də nəzərdə tutula bilər.
Vaşinqton isə bu aralıq sənədin gələcək texniki danışıqlara istiqamət verəcək konkret hədəfləri sadalamasına üstünlük verir. ABŞ tərəfi çərçivə sazişinin daha çox “təlimat xarakterli” olacağına ümid edir.
Qəzetin yazdığına görə, razılaşma üzrə danışıqlarda əsas mübahisə mövzusu İranın uran zənginləşdirmək hüququdur. Vaşinqton bu fəaliyyətin tam dayandırılmasını tələb etsə də, Tehran bu tələbi rədd edir və nüvə proqramının yalnız sülh məqsədli olduğunu vurğulayır.