...

Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib

Gündəm Materials 23 May 2025 14:58 (UTC +04:00)
Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Floridada yaşayan soydaşımız xanım Pərvin Muradov Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Pərvin Muradov bölgənin musiqi həyatını canlandırmaq məqsədilə ustad dərsləri, müəllim və tələbə konsertləri, müsabiqələr və peşəkar inkişaf tədbirləri təşkil etməyi planlaşdırır. Bu təşəbbüs gənc istedadların daha geniş bir mühitdə tanınmasına imkan yaradacaq, bölgənin musiqi mədəniyyətinə böyük töhfə verəcək. Soydaşımız bölgədəki musiqi müəllimləri arasında əlaqələr quraraq, təcrübə mübadiləsi və birgə layihələr həyata keçirməyi də nəzərdə tutur.

“Musiqi vasitəsilə icmamızı gücləndirmək, müəllimləri dəstəkləmək və yeni nəsil musiqiçilərə ilham vermək mənim əsas missiyamdır,” – deyə o bildirib.

Musiqi Müəllimləri Milli Assosiasiyasının (Music Teachers National Association- MTNA) fəal üzvü olan Pərvin Muradov Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur. O həmçinin ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Soydaşımızın təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir. Tələbələri dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra müsabiqələrin qalibidirlər. İndiyədək ABŞ-nin bir sıra ştatlarında, İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. 2015-ci ildə autizm spektrli musiqiçilərin yaradıcılıq imkanlarını dəstəkləmək üçün "Musiqi, Təhsil və Autizm Fondu"nu təsis edib.

2018-ci ildə Nyu Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Tanınmış pianoçu, musiqi pedaqoqu və incəsənət təbliğatçısıdır.

Pərvin Muradov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti