Bakı. Trend:
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn iclası keçirilib.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclas iştirakçılarına “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə daşınması üçün çəkilmiş xərclərə görə dəstək məbləğinin ödənilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib.
İclasda Naxçıvan Muxtar Respublikasında reallaşdırılması nəzərdə tutulan potensial investisiya layihələri diqqətə çatdırılıb, əlaqələndirmə qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.