Bakı. Trend:
Fransanın paytaxtı Parisdə yerləşən əsas nəqliyyat qovşaqlarından biri olan Şimal Vağzalı (Gare du Nord) iyulun 17-də günün ikinci yarısında qaz sızması təhlükəsi səbəbilə təxliyə edilib.
Trend xəbər verir ki, bu barədə Fransa Dəmir Yolları Şirkəti (SNCF) məlumat yayıb.
Hadisə nəticəsində vağzala polis qüvvələri cəlb olunub, təhlükəsizlik məqsədilə ətraf ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb və geniş təhlükəsizlik perimetri yaradılıb. Qaz sızması barədə ilkin məlumatı polis əməkdaşları qeydə alıblar – vağzalda şübhəli qoxu hiss edildikdən sonra dərhal təxliyə həyata keçirilib.
Hadisə yalnız uzaq məsafəyə gedən qatarları deyil, həm də metro və şəhərətrafı dəmir yolu xətlərini əhatə edib. Xüsusilə:
4 və 5 saylı metro xətləri üzrə Şimal Vağzalına girişlər bağlanıb;
RER B xətti üzrə şəhərətrafı qatarlar Gare du Nord stansiyasında dayanmadan keçirlər.
SNCF-nin açıqlamasına görə, əsas xətlərdə 5-dən 30 dəqiqəyə qədər gecikmələr qeydə alınıb.
RATP və SNCF nəqliyyat şirkətləri sakinlərə alternativ nəqliyyat vasitələrindən istifadə etməyi və səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə ediblər.
Hazırda müvafiq xidmətlər hadisənin səbəblərini araşdırır.