Bakı. Trend:
BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatında (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Şimali Kipr Türk Cümhuriyyəti, Kipr Yunan Administrasiyası və BMT) iki günlük qeyri-rəsmi görüş keçirilib.
Trend xəbər verir ki, görüş BMT-nin Baş katibi Antoniu Quterreşin adından verilən rəsmi naharla başlayıb və daha sonra geniş tərkibdə müzakirələrlə davam edib.
Müzakirələrdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak ediblər.
Nazir Hakan Fidan Türkiyənin məsələyə yanaşmasını belə ifadə edib:
“Türkiyə Kipr türklərinin hüquqlarının pozulduğu heç bir formulu qəbul etmir. Ankara danışıqlardan heç vaxt yayınmayıb və konstruktiv mövqe nümayiş etdirir. Mövcud reallıqların tanınması Kiprin hər iki xalqının maraqlarına cavab verir.”
Fidan əlavə edib ki, Türkiyə ədalətli və davamlı həll yollarının tapılması üçün bütün tərəfləri qarşılıqlı faydalı əməkdaşlığa çağırır.
Qeyri-rəsmi görüşün məqsədi, illərdir həll olunmayan Kipr məsələsində mövcud durumu qiymətləndirmək və yeni diplomatik yolları araşdırmaq olub. Tərəflərin razılaşma əldə edib-etmədiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, Kipr məsələsi 1974-cü ildən – adada baş verən çevriliş və ardınca Türkiyənin hərbi müdaxiləsindən sonra şimal və cənub hissələrə bölünüb. Bu günə qədər Kiprdə yekun siyasi həll əldə olunmayıb.