Bakı. Trend:
İndoneziyanın paytaxtı Cakartada hava çirkliliyi səbəbindən 6 milyondan çox insan kəskin respirator infeksiyalara yoluxub.
Trend xəbər verir ki, bu barədə "Jakarta Globe" məlumat yayıb.
Bildirilir ki, şəhərin şimal rayonlarında vəziyyət xüsusilə ağırdır – havadakı zərərli maddələrin konsentrasiyası kritik səviyyəyə çatıb. Əsas çirklənmə mənbəyi isə təxminən 6800 fabrik hesab olunur. Bu müəssisələrin bir qismi qanunsuz fəaliyyət göstərir və tullantıları nəzarətsiz şəkildə atmosferə buraxır, bu isə ekoloji vəziyyəti daha da ağırlaşdırır.
Yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, hazırkı vəziyyət davam edərsə, şəhərdə ictimai sağlamlıq durumu daha da pisləşə bilər. Təcili tədbirlərin görülməsi və sənaye tullantılarına nəzarətin gücləndirilməsi zəruri hesab olunur.