Bakı. Trend:
24-25 may 2025-ci il tarixində İtaliyanın Cassine şəhərində yerləşən “Palazzo Guerrina” Mədəniyyət Mərkəzində “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi keçiriləcək.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış tədqiqatçı Elnarə Rəsulovanın şəxsi kolleksiyasına daxil olan Qarabağ xalçaları bu tədbirdə ilk dəfə İtaliya ictimaiyyətinə təqdim ediləcək.
Əsrlərin dərinliklərindən süzülərək gələn Qarabağ xalçaları sərgidə yalnız sənət əsəri kimi deyil, həm də mədəniyyətin daşıyıcısı və yaddaşın qoruyucusu kimi təqdim olunacaq. Rənglərin, naxışların və ilmələrin dili ilə danışan bu nadir eksponatlar Azərbaycan xalqının tarixinin və ruhunun inikasıdır. Eyni zamanda, Azərbaycan mədəni irsinin sərhədləri aşaraq qlobal miqyasda təqdim olunması istiqamətində atılan mühüm addımdır.
Sərgi Azərbaycan Diasporuna Dəstək Fondu, Cassine Bələdiyyəsi və bir sıra özəl şirkətlərin dəstəyi ilə gerçəkləşəcək.
Sərginin açılışı 24 may tarixində saat 11:00-da baş tutacaq. Ziyarətçilər 2 gün ərzində saat 11:00-dan 17:00-a qədər sərgi ilə tanış ola biləcəklər.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin, o cümlədən xalçaçılığının təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca faydalıdır.