Bakı. Trend:
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının üçüncü günündə qrup mərhələsinin II turu çərçivəsində 8 qarşılaşma baş tutub.
Trend xəbər verir ki, A qrupunda çıxış edən Azərbaycan millisi Sloveniya üzərində 4:0 hesablı inamlı qələbə qazanaraq ilk üç xalını əldə edib. Qrupun digər oyununda isə Mavritaniya Bəhreyni 2:0 hesabı ilə məğlub edib.
B qrupunda Fransa və Özbəkistan arasında gərgin mübarizə 3:3 hesablı heç-heçə ilə başa çatıb. Günün sensasiyası isə Çad millisindən gəlib – son dünya çempionu Rumıniyanı 4:2 hesabı ilə məğlub edən Afrika təmsilçisi ilk dəfə qələbə sevinci yaşayıb.
C qrupunda İngiltərə və Macarıstan yığmaları arasında oyun 1:1 hesabı ilə nəticələnib. Türkiyə isə Ukrayna üzərində 3:1 hesablı qələbə qazanaraq turnirdə ilk dəfə qalib gəlib.
D qrupunda Bolqarıstan Hindistanı 5:0 hesabı ilə darmadağın edib. Portuqaliya Slovakiya üzərində 2:1 hesablı qələbə ilə xallarını altıya çatdırıb və növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.