...

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” əsir mübadiləsinin ilk mərhələsi baş tutdu

Dünya xəbərləri Materials 23 May 2025 22:10 (UTC +04:00)
Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” əsir mübadiləsinin ilk mərhələsi baş tutdu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna və Rusiya arasında razılaşdırılmış “1000-in 1000-ə” formatlı əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib. Prosesin ümumilikdə üç gün davam edəcəyi bildirilir.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. O bildirib ki, razılaşmanın birinci mərhələsində 390 ukraynalı əsir azad edilib. “Şənbə və bazar günləri mübadilənin davamını gözləyirik”, – deyə dövlət başçısı qeyd edib.

Prezident əsirlərin geri qaytarılması istiqamətində fasiləsiz çalışan hər kəsə təşəkkürünü bildirib: “Əsirlikdə olan hər bir şəxsi geri qaytarmaq bizim üçün çox önəmlidir. Hər bir şəxsin adı və məlumatı dəqiqliklə yoxlanılır. Diplomatik fəaliyyətimizi davam etdirəcəyik ki, belə addımlar mümkün olsun”.

Azad edilənlər arasında 3 qadın və 387 kişi var. Onlar tibbi müayinədən keçiriləcək, fiziki və psixoloji reabilitasiyadan keçəcək, əsirlik dövrünə görə bütün müvafiq ödənişləri alacaq və cəmiyyətə reinteqrasiya olunacaqlar.

Xatırladaq ki, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında son üç ildə ilk görüş baş tutub. Görüş zamanı əsirlərin “1000-in 1000-ə” formatında qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti