Bakı. Trend:
Yaponiya, 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətindəki Kananaskis kurort bölgəsində keçiriləcək G7 sammitinədək ABŞ ilə ticarət və tariflərlə bağlı razılaşma əldə olunacağına ümid edir.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə danışıqların üçüncü raundunun yekunlarına dair Yaponiyanın iqtisadiyyatın bərpası naziri Ryosei Akazava məlumat verib.
“Biz bu dəfə əvvəlkindən daha səmimi və dərindən müzakirə apardıq. İki ölkənin liderləri G7 sammitində mütləq görüşəcəklər və bir danışıqlar aparıcısı kimi mən çox istərdim ki, həmin vaxta qədər razılaşma əldə olunsun”, – deyə Akazavanın sözlərini Yaponiyanın ictimai televiziyası sitat gətirib.
Bununla belə, nazir vurğulayıb ki, Yaponiya milli maraqlarını nəzərə alaraq tələsik və təkcə “tez bir razılaşma əldə etmək naminə” müqavilə bağlamaqda maraqlı deyil.
Qeyd edək ki, Yaponiya və ABŞ indiyədək üç raund danışıqlar aparıblar. Lakin Akazavanın mayın əvvəlində bildirdiyinə görə, tərəflər hələ də razılaşmadan uzaqdır. Yapon mətbuatının məlumatına əsasən, ABŞ tərəfi həmin danışıqlar zamanı avtomobil, polad və alüminium üçün yüksək tariflərin ləğvini belə müzakirə etməkdən imtina edib.