Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 1,950 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 88,1 milyon ABŞ dolları və ya 4,3% azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,53%-i həcmində olub. Bununla da Türkiyə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 1,138 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 170,8 milyon ABŞ dolları və ya 13% azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 811,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 82,6 milyon ABŞ dolları və ya 11,3% artım deməkdir. Bu göstərici ilə Türkiyə Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Türkiyəyə 12,8 milyon ABŞ dolları dəyərində 25,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu isə ötən ilin ilk 4 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 77 milyon ABŞ dolları və ya 85,7%, həcm ifadəsində isə 138,3 min ton və ya 84,3% azalma deməkdir.
Həmçinin, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 187,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 8,6% azdır.
Hesabat dövründə Türkiyəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 17,56% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcıları arasında 2-ci yerdə mövqe tutub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.
Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.