Bakı. Trend:
Prezident İlham Əliyev bu günlərdə Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Toplantısında iştirak edərək çıxış edib. Prezident İlham Əliyevin çıxışı sadəcə görülən işlərin hesabatı deyil, həm də mərkəzində Bakının rolu getdikcə qabardılan türk ölkələrinin inteqrasiyasında yeni mərhələnin bəyannaməsi idi.
Trend xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın Macarıstanla strateji tərəfdaşlığına toxunan dövləti başçısı iki ölkə arasında münasibətlərin bütün kompleksi kontekstində və dünyada artan qütbləşmə fonunda ölkələrimizin müstəqil xarici siyasət aparan suveren dövlətlər imicini xüsusi vurğulayıb:
"Prezident İlham Əliyevin nitqinin əsas hissəsi nəqliyyat və logistika inteqrasiyası mövzusunu əhatə etdi. Bu da o deməkdir ki, Azərbaycan təkcə nəqliyyat dəhlizlərinin sadə iştirakçısı kimi deyil, həm də bu layihələrin təşkilatçı mərkəzi qismində çıxış etməyə çalışır və bunun üçün müvafiq infrastruktura fəal şəkildə sərmayələr qoyur. Açıq dənizə çıxışı olmasa da, güclü donanma quran, gəmiqayırma zavodunu və dəniz limanlarını genişləndirən, Orta Dəhliz layihəsinə prioritet üstünlük verən Azərbaycan faktiki olaraq özünü Avrasiyanın əsas quru “limanı” və tranzit mərkəzi kimi tanıtmaqdadır".
Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, doqquz beynəlxalq hava limanının tikintisinin elan edilməsi isə təkcə iqtisadi ambisiyaları deyil, həm də Qarabağın və Şərqi Zəngəzurun strateji əhəmiyyətinin möhkəmlənməsini nümayiş etdirir:
“Prezident İlham Əliyev Azərbaycanın türk dövlətlərinə qoyulmuş birbaşa investisiyalarını xatırlatmaqla və təşkilat daxilində iqtisadi əməkdaşlığın stimullaşdırılmasını nəzərdə tutan Türk İnvestisiya Fondunun əhəmiyyətini vurğulamaqla, ölkəmizin təkcə donor statusuna deyil, həm də institusional liderliyə iddialı olduğuna işarə vurdu. Prezident İlham Əliyev infrastruktur, rəqəmsallaşma və enerji dayanıqlılığını önə çəkməklə üzv-dövlətlərin suverenliyə toxunmadan Türk Dövlətləri Təşkilatına praqmatik və fəal inteqrasiya təklifini irəli sürdü. Eyni zamanda, Azərbaycanın türk inteqrasiyasının lokomotivi kimi imicini konkret nəticələrin və strateji təşəbbüslərin nümayişi ilə möhkəmləndirdi”.
K.Bayramov qeyd edib ki, Zirvə toplantısında qəbul edilmiş Budapeşt Bəyannaməsində isə üzv-dövlətlərin müvafiq sahələrdə daha sıx inteqrasiyaya hazır olduqlarını ifadə etmələri Türk Dövlətləri Təşkilatının gələcəkdə klassik regional təşkilat modelindən funksional bloklaşmaya doğru addımladığını göstərdi.