Bakı. Trend:
Yasamal rayonunda insanlar kamera vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşasına kömək etdilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanı narkotik faciəsindən qurtarmaq çətin olacaq. Bu yalnız polisin, xüsusi xidmət orqanlarının işi deyil.
Trend xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamnaı deyib.
Millət vəkili vurğulayıb ki, hansısa narkotik istifadəçisinin həbs olunmasının da tərəfdarı deyil.
“Bunun üçün müalicə mexanizmi düzgün qurulmalıdır. Həbsxananı bu cür kateqoriyadan olan insanlarla doldurmaq orada olan sağlam insanların da gələcəyi üçün problem yarada bilər. Amma narkotik satışını həyata keçirən şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar prosesə qoşulmalıdırlar.
Birinci növbədə məktəblərin ətrafında ola biləcək satış mərkəzlərini ifşa edib məsuliyyətə cəlb etmək vacibdir. Bu informasuiya sıradan görünə bilər. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bunun satışı xüsusilə qonşu ölkələr vasitəsilə həyata keçirilir”, - deyə F.Mustafa qeyd edib.