...

Son on ildə qlobal kapital bazarlarının həcmi 300 trilyon dolları ötüb - Mərkəzi Bankın Baş direktoru

İqtisadiyyat Materials 23 May 2025 10:43 (UTC +04:00)
Son on ildə qlobal kapital bazarlarının həcmi 300 trilyon dolları ötüb - Mərkəzi Bankın Baş direktoru
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son on ildə qlobal kapital bazarlarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bu bazarların ümumi həcmi 300 trilyon ABŞ dollarını keçmişdir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Tərlan Rəsulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, əgər son 14 ilin dinamikasına baxsaq, burada əhəmiyyətli artım müşahidə edilir – təqribən 65 faiz artım qeydə alınıb: "Bazarın seqmentlərinə nəzər yetirsək, bu bazarın təxminən üçdə birini təşkil edən qlobal səhmlər bazarının həcmi hal-hazırda 105–110 trilyon dollar civarındadır. Burada da artım dinamikası ümumi kapital bazarlarının artımı ilə uyğunluq təşkil edir".

"Digər maraqlı göstərici isə kapital bazarlarının dünya ümumi daxili məhsuluna (ÜDM) olan nisbətidir. Məsələn, 10 il əvvəl kapital bazarlarının həcmi qlobal ÜDM-dən 2,3 dəfə çox idisə, bu göstərici artıq təxminən 2,9 dəfə olmuşdur. Bu fakt, qlobal iqtisadiyyatda kapital bazarlarının artan rolunu bir daha sübut edir.

Kapital bazarlarında baş verən bu prosesləri ümumiləşdirsək, xüsusilə vurğulamaq lazımdır ki, səhmdar kapitalı vasitəsilə maliyyələşmə korporativ dayanıqlılığı artırır. Bunu biz həm qlobal maliyyə böhranı zamanı, həm də COVID-19 pandemiyası dövründə müşahidə etdik. Məhz həmin dövrdə qlobal miqyasda şirkətlər əlavə olaraq 2,1 trilyon dollar məbləğində səhmdar kapitalı cəlb edə bilmişdir ki, bu da böhran dövründə alternativ maliyyə mənbələrinə çıxışı asanlaşdıran mühüm amildir", - T. Rəsulov qeyd edib.

"Başqa bir tendensiya isə korporativ istiqrazların maliyyələşmə vasitəsi kimi rolunun getdikcə artmasıdır. Məsələn, 2014-cü ildə korporativ istiqrazların illik emissiyası orta hesabla 1,3 trilyon dollar təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 2,4 trilyon dollara çatmışdır. Xüsusilə də pandemiya dövründə – 2020-ci ildə korporativ istiqrazların emissiyası öz pik həddinə çatmışdır. Bu artımın əsas səbəbləri sırasında isə qlobal miqyasda həyata keçirilən stimullaşdırıcı tədbirlər və faiz dərəcələrinin aşağı salınması kimi fundamental amillər durur", - Mərkəzi Bankın rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti