...

Son 7 ildə dövlət istiqrazları bazarı 9 dəfə artıb - Agentlik direktoru

İqtisadiyyat Materials 23 May 2025 10:54 (UTC +04:00)
Son 7 ildə dövlət istiqrazları bazarı 9 dəfə artıb - Agentlik direktoru
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildən etibarən "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya"nın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatıb.

Trend xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, dövlət qiymətli kağızlar bazarının nəzərəçarpacaq artımı 2018-ci ilə təsadüf edir:

"Həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya" sənədi qəbul edilmişdir. Strategiyanın əsas istiqamətlərindən biri daxili maliyyə bazarlarının inkişaf etdirilməsi, xarici borcun tədricən azaldılması fonunda daxili borclanmanın artırılması və dövlət qiymətli kağızları bazarının genişləndirilməsi olmuşdur".
"2018-ci ildən etibarən strategiyanın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatmışdır. Bu inkişaf təkrar bazar və repo bazarı kimi digər ikinci dərəcəli maliyyə alətlərinin də genişlənməsinə səbəb olmuşdur. Belə ki, bu dövr ərzində təkrar bazar 5 dəfə, repo əməliyyatlarının həcmi isə təxminən 60 dəfə artmışdır.

Əvvəllər dövlət qiymətli kağızlarının əsas investorları banklar və sığorta şirkətləri idisə, son dövrlərdə investor bazasında həm institusional, həm korporativ investorlar, eləcə də fiziki şəxslər, o cümlədən xarici vətəndaşlar da iştirak etməyə başlamışdır. Bu, bazarın daha da dərinləşməsinin və genişlənməsinin göstəricisidir.

Bu kontekstdə, vasitəçi şirkətlərin rolu da xüsusi qeyd olunmalıdır. Çünki onlar investorlarla qiymətli kağızlar bazarı arasında effektiv əlaqə yaradılmasına yardım edir və bazar iştirakçılığını təmin edirlər", - deyə A. Mürsəqulov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti