Bakı.Trend:
Braziliyanın dövlət neft-qaz şirkəti “Petrobras” ilə bu şirkətin tərəfdaşı olan gəmi sahibləri arasında Rio-de-Janeyro şəhərində əməkdaşlıq görüşü baş tutub.
Trend xəbər verir ki, görüşdə AZCON Holding şirkətlərindən olan ASCO İdarə Heyətinin sədr müavini Zaur Nağıyev və Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov iştirak ediblər.
Tədbirdə əsasən "Petrobras"ın idarə etdiyi gəmilərə dair tələblər, gəmiçilik şirkətləri üçün qoyulan standartlar, dünya gəmiçilik sektorunda mövcud risklər və onların idarə olunması, uyğunluq (komplayns) məsələləri müzakirə olunub. Həmçinin, “Petrobras”ın gəmiçilik xidmətlərinə olan cari tələbatı, xüsusilə dəniz əməliyyatları və daşımalar sahəsindəki ehtiyacları nəzərdən keçirilib. Tədbirdə “Petrobras” nümayəndələri gələcək potensial layihələri barədə də məlumat verərək, bu layihələr çərçivəsində tərəfdaşlıq niyyətlərini diqqətə çatdırıblar.
Tərəflər arasında müzakirələr zamanı ASCO-ya məxsus “Aframax” tipli bir gəminin artıq uzunmüddətli çarter müqaviləsi əsasında “Petrobras”a verildiyi bildirilib və bu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Həmçinin ASCO-nun başqa gəmilərinin də bu nüfuzlu beynəlxalq neft-qaz şirkətinə icarəyə verilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.