Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin nəzdində yaradılan “CODEX” İT Akademiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, beynəlxalq və yerli İT şirkətlərinin nümayəndələri, eləcə də professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Açılış mərasimində çıxış edən AzMİU-nun İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə bildirib ki, “CODEX” İT Akademiyasının əsas məqsədi tələbələrin əmək bazarına daha hazırlıqlı və rəqabətədavamlı şəkildə çıxmasını təmin etməkdir. Onun sözlərinə görə bu təşəbbüs Universitet-Sənaye əməkdaşlığının yeni mərhələsidir və “CODEX” bir sıra beynəlxalq və yerli tərəfdaşlar üçün çətir platforma rolunu oynayır.
Sərxan Talıbzadə qeyd edib ki, akademiya hazırda dörd nüfuzlu şirkətlə — “Huawei”, “Holberton School Azerbaijan”, “İnnab” Peşəkar Təlim Platforması və “Prosol” kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlığa başlayıb. O bildirib ki, yaxın gələcəkdə bu tərəfdaşların sayı daha da artacaq. Kurslarda iştirak edən tələbələr 100%-lik təqaüdlə ödənişsiz təhsil ala biləcəklər. Akademiya beynəlxalq sertifikatların sayı və təqdim etdiyi tədris imkanlarına görə hazırda Azərbaycan universitetləri arasında yeganə mərkəzdir.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “CODEX” Akademiyasının tələbələrin innovativ bacarıqlar qazanması və onların gələcək karyerasında mühüm rol oynayacağını vurğulayıb. O qeyd edib ki, bu təşəbbüs universitetin təhsil strategiyasının mühüm hissəsidir və tələbələrin biliklərini beynəlxalq standartlara uyğun səviyyədə formalaşdırmaq məqsədi daşıyır. Rektor layihəyə dəstək verən beynəlxalq və yerli tərəfdaş şirkətlərə təşəkkürünü bildirərək onların AzMİU tələbələrinin inkişafında oynayacağı rolu yüksək qiymətləndirib.
Təqdimatda tərəfdaş şirkətlərin nümayəndələri də çıxış ediblər.
“Huawei” şirkətinin Orta Şərq və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr meneceri Kira Zhou qeyd edib ki, “Huawei” süni intellekt, bulud texnologiyaları, əşyaların interneti və kibertəhlükəsizlik istiqamətlərində ödənişsiz onlayn kurslar və beynəlxalq sertifikatlar üçün vauçerlər təqdim edir. O, tələbələr üçün yay məktəbi və digər beynəlxalq proqramlarda iştirak imkanlarını da açıqlayıb. AzMİU ilə birgə əməkdaşlıqdan məmnunluğunu da ifadə edib.
“Holberton School Azerbaijan” – Direktor Şəmsi Bayramzadə təmsil etdiyi şirkət barədə məlumat verib. “Holberton”un peer-to-peer (P2P) əsaslı, özünəxas tədris modelindən danışaraq, tələbələrin İT əsasları, veb proqramlaşdırma, kibertəhlükəsizlik və maşın təlimi kimi kurslara imtahan yolu ilə qəbul olunacağını qeyd edib. O bildirib ki, dərslər həm “Holberton” ofisində, həm də AzMİU kampusunda keçiriləcək.
“İnnab” – Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev çıxışında artıq AzMİU ilə əməkdaşlığın formalaşdığını və “Microsoft”un MOSE proqramı, data analitikası və MBA sahəsində təlimlərin uğurla həyata keçirildiyini bildirib. Eyni zamanda beynəlxalq maliyyə analitikası, audit və mühasibatlıq üzrə sertifikat proqramlarının da yaxın gələcəkdə tələbələrə təqdim ediləcəyi vurğulanıb.
“Prosol” şirkətinin Proqram təminatı şöbəsinin müdiri Murad Mustafayev çıxışında bildirib ki, şirkət kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və “CODEX” Akademiyası ilə əməkdaşlıq çərçivəsində virtual laboratoriya layihəsini təqdim edir. Onun sözlərinə görə, bu laboratoriyada eyni anda 1000-dən çox tələbə kiberhücum və kibermüdafiə simulyasiyalarında iştirak edə bilər. “Prosol” beynəlxalq təcrübəyə əsaslanaraq, xüsusilə İsraildən olan təhlükəsizlik mütəxəssisləri ilə birgə işləyir və Azərbaycanda bu sahənin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
Tədbirin sonunda qeyd olunub ki, “CODEX” İT Akademiyası tələbələrə yalnız nəzəri biliklər deyil, eyni zamanda praktiki bacarıqlar qazandırmaqla onların texnologiya dünyasında uğurla mövqe tutmalarına real zəmin yaradacaq. Akademiya yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Azərbaycanın rəqəmsal gələcəyinə töhfə verməyə iddialıdır.