...

Hazırladığımız xəritə Ermənistanın dağ-mədən sənayesinin zərərlərini əks etdirir - "Azərbaycan Kartoqrafları"

Cəmiyyət Materials 23 May 2025 15:50 (UTC +04:00)
Hazırladığımız xəritə Ermənistanın dağ-mədən sənayesinin zərərlərini əks etdirir - "Azərbaycan Kartoqrafları"
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi tərəfindən Ermənistan dağ-mədən sənayesində aparılan emal işlərini, dəyən ekoloji ziyanları ifşa edən interaktiv xəritə hazırlanıb. Hazırladığımız xəritədəki məlumatlar Ermənistanda da dərc olundu.

Bunu Trend-ə açıqlamasında "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov deyib.

Sədr qeyd edib ki, "Azərbaycan Kartoqrafları" İctimai Birliyi tərəfindən Ermənistan dağ-mədən sənayesində aparılan emal işlərini, dəyən ekoloji ziyanları ifşa edən interaktiv xəritə hazırlanıb:

“Bu xəritə üzərində Ermənistanın qazıntıları, onların növləri, əsas çirkləndirici zavodların yerləri və dəyən ziyanlar barədə məlumatlar qeyd edilib. Xəritə üç dildə hazırlanıb: Azərbaycan, ingilis və erməni dilində. İngilis dilində hazırlamaqda məqsədimiz dünyanı bu ekoloji cinayətlərdən xəbərdar etmək idi. Erməni dilində hazırlamaqda isə məqsəd erməni xalqını olanlardan və olacaqlardan xəbərdar etmək idi. BDU-da keçirilən tədbirdə böyük tələbə və müəllim heyəti iştirak etdi. Tələbələri maraqlandıran suallar mütəxəssislərimiz tərəfindən cavablandırıldı. Tələbələrdə də xəritəyə böyük maraq yarandı. Onlar bu məlumatları öyrənməklə gələcəkdə öz işlərini qura biləcəklər”.

“Biz xəritəni hazırlayan zaman Azərbaycan–türk mənşəli toponimlərdən geniş istifadə etdik. Burada məntəqələrin adları həm qədim Azərbaycan adları ilə, həm də sonradan dəyişdirilən erməni adları ilə qeyd etmişik. Dağların, çayların, yaşayış məntəqələrinin adında tarixi toponimlərdən istifadə edilib.

Biz burada müxtəlif tarixi xəritələrdən istifadə etmişik. Burada həmin xəritələrə baxanda görürük ki, Qərbi Azərbaycan ərazisində olan bütün toponimlər türk mənşəlidir. Xəritə hazır olandan sonra koalisiyamızın internet səhifəsinə yerləşdirildi. Bundan 10 gün sonra müxtəlif beynəlxalq ictimai təşkilatlar öz münasibətlərini bildirməyə başladılar. Hətta Ermənistanda fəaliyyət göstərən müxtəlif media subyektləri bizim məlumatlarımızı dərc etdilər.

Bundan sonra Ermənistan QHT-ləri də çıxışlar etdilər. İranda fəaliyyət göstərən ekoloji mətbuat orqanları da yazılarımızı dərc etdilər. Onlar Araz çayının çirklənməsi ilə bağlı müxtəlif məlumatlar verməyə başladılar, hətta elə məlumatlar gəlməyə başladı ki, çayın çirklənməsi nəticəsində ətrafda yaşayan insanlarda onkoloji xəstəliklər artmağa başlayıb”, - M.Bayramov bildirib.

Onun sözlərinə görə, İctimai Birlik üzvləri ilə Bakı Dövlət Universitetində tədbirdə Ermənistanın dağ-mədən sənayesinin faəliyyətində nəinki Azərbaycana, Cənubi Qafqaza təhdid yaradan, ekoloji qanunlara zidd aparılan emal işləri haqqında məlumatlar verilib:

“Bununla bağlı Ermənistan hökumətinə dəfələrlə qeyri-hökumət təşkilatları müraciət etmələrinə baxmayaraq, heç bir tədbir görülməyib. Nəhayət, biz 30-a yaxın QHT-ni birləşdirən “Ətraf mühitin qorunması” koalisiyasını yaratdıq. Getdikcə koalisiyamızın üzvləri də artmağa başladı. Artıq xarici dövlətlərin də QHT-ləri koalisiyamıza qoşulmağa başladılar. Dəfələrlə Azərbaycan QHT-ləri tərəfindən Ermənistan dağ-mədən sənayesində aparılan emal işlərinin ətraf mühitə mənfi təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı Ermənistan rəhbərliyinə narahatlıqları ifadə edən müraciətlər edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə edilməyib. Buna baxmayaraq, biz mübarizəmizi müsbət nəticə əldə edənə kimi davam etdirəcəyik və Ermənistanın ekoloji cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə edəcəyik”.

O əlavə edib ki, Ermənistanın törətdiyi ekoloji cinayətlər səbəbilə Dəstəkert yaşayış məntəqəsində əhali sayı 7 min nəfərdən 200 nəfərə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti