Bakı. Trend
Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37692 abituriyentin iştirakı nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 mindən çox imtahan iştirakçısı var. İmtahan keçirilən şəhər və rayonlara toxunan sədr onların sayının daim artırılmasına diqqət yetirildiyini söyləyib.
“2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər” – deyə sədr bildirib.