Bakı. Trend:
Nobel Energy İraqın Ekologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Karbon İqtisadiyyatı üzrə Əsas Şirkət ilə Anlaşma Memorandumu (AM) imzalayıb. Bu Memorandum İraqda iqlimlə bağlı fəaliyyətlər, ətraf mühit layihələri və dayanıqlı inkişaf üzrə əməkdaşlıq üçün çərçivə yaradır. Anlaşma Memorandumu Bağdadda keçirilmiş Karbon İqtisadiyyatı üzrə Birinci Beynəlxalq Konfransda imzalanıb.
Razılaşma Nobel Energy və Karbon İqtisadiyyatı üzrə Əsas Şirkət arasında istixana qazı emissiyalarının azaldılması, yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi və İraqın iqlimlə bağlı milli məqsədlərinin dəstəklənməsinə yönəlmiş strateji tərəfdaşlığı ifadə edir.
Nobel Energy İraqın ekologiya ilə bağlı məqsədlərinin reallaşmasını dəstəkləmək və həm regional, həm də qlobal iqlim səylərinə töhfə vermək üçün öz təcrübəsindən istifadə etməyə hazırdır.
“Nobel Energy İraqın Ekologiya Nazirliyi və Karbon İqtisadiyyatı üzrə Əsas Şirkət ilə birlikdə bu mühüm tərəfdaşlıqda iştirak etməkdən qürur duyur”, - deyə Nobel Energy şirkətinin İcraçı direktorunun müavini Samir Mollayev bildirib. "Bu Memorandum İraqın yaşıl iqtisadiyyatla bağlı məqsədlərinin reallaşmasına və qlobal iqlim fəaliyyətlərinə töhfə vermək üçün əhəmiyyətli bir fürsətdir. Biz emissiyaları azaldan və dayanıqlı inkişafı dəstəkləyən effektiv layihələrin həyata keçirilməsi üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik.”
Anlaşma Memorandumuna əsasən, İraq tərəfi müvafiq prosedurları asanlaşdıracaq və prioritet təşkil edən ekoloji layihələri müəyyənləşdirəcək. Nobel Energy şirkəti İraqın ətraf mühit siyasətinə və qaydalarına uyğun olaraq texniki səriştəsini bölüşəcək və layihə təklifləri verəcək. Hər iki tərəf əməkdaşlığın daha da genişləndirilməsi ilə effektiv təşəbbüsləri həyata keçirmək üçün gələn il ərzində birlikdə işləyəcəklər.